Nümayəndə heyəti Qətər parlamentinin spikeri ilə görüşüb

11.02.2020

Qətərdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ölkə parlamentinin spikeri Əhməd bin Abdullah bin Zeyd Əl-Mahmudla görüşüb.

Spiker böyük hörmət və ehtiramla Azərbaycan nümayəndə heyətini parlament binasının önündə qarşılayıb. Danışıqlar zamanı iki ölkənin qanunvericilik orqanlarının və parlamentlərarası dostluq qruplarının fəaliyyəti müzakirə olunub.

Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi siyasi və iqtisadi islahatların labüd nəticəsi olaraq növbədənkənar parlament seçkiləri baş tutub, millət vəkilliyi uğrunda aparılan demokratik və şəffaf mübarizəyə qatılanların əksəriyyəti gənclər olub.

Gənclərin təhsil alması ilə bağlı fikir mübadiləsi aparılarkən, azərbaycanlı gənclərin Qətərin nüfuzlu ali məktəblərində oxuması və qətərli gənclərin Azərbaycanda təcrübə keçməsi məsələlərinə toxunulub.

Əhməd bin Abdullah bin Zeyd Əl-Mahmud dünyada baş verən hadisələrin fonunda Azərbaycan və Türkiyə kimi dövlətlərin Qətərin yanında olmasından məmnunluq duyduğunu bildirib.

Parlamentin spikeri Dövlət Komitəsi sədrinin Azərbaycana dəvət təklifini məmnunluqla qəbul edib.

Görüş nümayəndə heyətinin parlament binası ilə tanış olması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.