Dövlət Komitəsinin nümayəndələri "Tumurcuq" Teatrının fəaliyyəti ilə tanış olub

11.02.2020

İsveç Krallığına səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Stokholmda fəaliyyət göstərən "Tumurcuq" Azərbaycan Dram Teatrının fəaliyyəti ilə tanış olub.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ilə birgə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının İsveç üzrə yeni əlaqələndiricisi İradə Əliyeva, teatrın fəaliyyətinə davamlı dəstək olan İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev, İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi, Sosial-Demokrat Partiyasının fəal üzvü Leyla Kiani və digər diaspor fəalları da iştirak edib.

Görüş zamanı teatrın iş şəraiti və kollektivi ilə tanış olan qonaqlara gələcək yaradıcılıq planlarından danışılıb. Teatrın rəhbəri Sevinc Nəzərli bildirib ki, "Tumurcuq" öz fəaliyyətini gücləndirməyə, repertuarını genişləndirməyə, Azərbaycan mədəniyyətini daha effektiv şəkildə təbliğ etməyə çalışacaqdır. Teatrın kollektivi bu məqsədlərə nail olmağın yolunu Dövlət Komitəsi ilə sıx əməkdaşlıqda və soydaşlarımızın birliyində görür.

Qeyd edək ki, 2018-ci ildən fəaliyyətə başlayan teatrın premyerası 2 iyun 2019-cu ildə Sevinc Nəzərlinin rejissorluğu ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyinə həsr olunmuş "101 uşağın nəvələri" adlı tamaşa ilə olmuşdur. “Tumurcuq” Azərbaycan Dram Teatrı İsveçdə fəaliyyət göstərən Türk teatrı ilə də sıx əməkdaşlıq edir.

Teatrın kollektivi hazırda İsveç və beynəlxalq auditoriyaya hədəflənərək teatrın kiçik yaşlı aktyorlarının ingilis dilində peşəkar hazırlığı üzərində çalışır.