İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bir sıra diaspor təşkilatlarının ofislərində silsilə görüşlər keçirib. Bu görüşlərdən biri Yöteborq şəhərində fəaliyyət göstərən Azərbaycan-İsveç Federasiyasında (AFİ) baş tutub.
İdarə heyətinin bir qrup üzvünün qatıldığı görüşdə İsveç-Azərbaycan Federasiyasının və onun tərkibinə daxil olan təşkilatların fəaliyyəti, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, gənclərin diaspor fəaliyyətinə cəlb edilməsi, assimilyasiya hallarının qarşısının alınması, milli dəyərlərin təbliği barədə fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin fəaliyyətinin prioritet istiqamətləri, diaspor təşkilatları ilə səmərəli əməkdaşlıq prinsipləri diqqətə çatdırılıb və yeni layihələr müzakirə edilib. Müzakirələr zamanı soydaşlarımızın mütəşəkkil fəaliyyətinin və şəbəkələşməsinin önəmi qeyd olunub.
Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev Azərbaycan dövlətinin hər zaman soydaşlarımızın yanında olduğunu, harada yaşamalarından asılı olmayaraq onların problemlərinin hüquqi çərçivədə çözülməsinə səylər göstərdiyini nəzərə çatdırıb.
Görüş iştirakçıları tarixi Vətənlərində gedən prosesləri ardıcıl olaraq izlədiklərini, diaspor siyasətində ciddi irəliləyişlərin baş verdiyini, “Soydaşlar haqqında qanun” layihəsinin böyük maraq doğurduğunu söyləyiblər.
AFİ-nin prezidenti Eldar Qaradağlı, İdarə heyətinin üzvləri Azər Fərruxi Ədl, Əjdər Tağızadə və başqaları çıxışları zamanı müstəqil Azərbaycanın güclü və qüdrətli dövlət olmasının hər bir soydaşımız üçün ən vacib və ümdə məsələ olduğunu, öz fəaliyyətlərilə dövlətimizə və dövlətçiliyimizə dəstək olmağa çalışacaqlarını bildiriblər.
Daha sonra nümayəndə heyəti Yöteborq şəhərindəki Azərbaycan evi ilə tanış olub, evə "Azərbaycan dili" dərs vəsaiti, Azərbaycan həqiqətləri və mədəniyyətinə həsr olunmuş kitablar hədiyyə olunub.
Qeyd edək ki, "Azərbaycan dili" dərs vəsaiti Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyilə yeni nəşr olunub. Həmin kitab həftəsonu Azərbaycan məktəblərində dərs vəsaiti kimi istifadə olunacaq.
Görüşlərdə ölkəmizin İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov da iştirak edib.