Dövlət Komitəsində Qırğız Xalqları Assambleyasının sədri ilə görüş keçirilib

10.02.2020

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev ölkəmizdə səfərdə olan Qırğız Xalqları Assambleyasının sədri, akademik Abdıqanı Erkebayevlə görüşüb.

V.Hacıyev xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin inkişafı barədə danışıb, bu münasibətlərin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırıb.

Qırğız Xalqları Assambleyasının sədri Abdıqanı Erkebayev səmimi qəbula görə təşəkkür edib, ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Qırğızıstan dövlətləri liderlərinin müstəsna xidmətlərini bir daha xatırladıb.

Komitə sədrinin birinci müavini V.Hacıyev Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti, son illər bu sahədə həyata keçirilən layihə və proqramlar, eləcə də Komitənin “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflər, Komitənin fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi barədə ətraflı məlumat verib, xaricdə yaşayan azərbaycanlıların yeni layihələrə cəlb olunmasının xüsusi əhəmiyyətini qeyd edib.

Görüşdə bir sıra məsələlər, o cümlədən Qırğızıstandakı Azərbaycan icmasının fəaliyyətilə bağlı fikir mübadiləsi aparılıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində görülən işlərdən danışılıb.