Tula şəhərində Mübariz İbrahimovun xatirəsi yad edilib

10.02.2020

Rusiyanın Tula şəhərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti və vilayət diasporunun fəalları iştirak ediblər. Onlar Tuladakı "Döyüş qardaşlığı" abidəsini ziyarət edib, Vətən uğrunda həlak olan Mübariz İbrahimovun, eləcə də rusiyalıların əziz xatirəsini anıblar.

Daha sonra Tulada fəaliyyət göstərən "Mübariz” döyüşçü-idman klubunda çıxış edən Fondun rəhbəri Füzuli Məmmədov igid Vətən övladının qəhrəmanlığından danışıb. Qeyd edilib ki, cəsarət rəmzi olan Mübariz İbrahimovun adını daşımaq ikiqat məsuliyyət tələb edir və mübarizçilərin idman meydanlarında mübarizəsi hər zaman dəstəklənir.

Xatırladaq ki, Fondun məhdud məsuliyyətli cəmiyyəti olan “Mübariz” döyüşçü-idman klubu 8 noyabr 2019-cu ildən hüquqi şəxs olaraq Rusiya Federasiyasının Vahid Dövlət Reyestrinə daxil edilib. Klubun Tuladakı idman zalında hazırda 35 idmançı məşq edir. Onlara Rusiyanın boks üzrə əməkdar idman ustası Xalid Rzayev başçılıq edir.