Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının ilk hesabat toplantısı olub

10.02.2020

Fevralın 8-də İsveçin paytaxtı Stokholmda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının I hesabat toplantısı keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın İsveç Krallığındakı səfirliyin nümayəndəsi, diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açılan tədbirdə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Yığıncaqda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev və Azərbaycan səfirliyinin birinci katibi Vaqif Seyidbəyov çıxış ediblər. Natiqlər Azərbaycan diasporunun əsas inkişaf istiqamətlərindən, həyata keçirilən siyasətin müsbət nəticələrindən, Azərbaycan həqiqətlərinin təbliğində soydaşlarımızın rolundan, Koordinasiya Şurasının səmərəli fəaliyyətindən danışıblar.

F.Quliyev Azərbaycan dövlətinin diaspor sahəsindəki siyasətinin həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələr və müvafiq fəaliyyət proqramları haqqında geniş məlumat verib.

Daha sonra ötən dövr ərzində görülmüş işlər barədə Koordinasiya Şurasının əlaqələndiriciləri Sara Musayeva və Eluca Atalının hesabatları dinlənilib. Hər iki əlaqələndiricinin fəaliyyəti yüksək qiymətləndirilib və onlara Dövlət Komitəsi tərəfindən təşəkkürnamələr təqdim edilib.

Toplantı iştirakçıları Koordinasiya Şurasının növbəti dövr üçün təşkilati və cari məsələlərini müzakirə ediblər. Şuranın fəaliyyətinin koordinasiya edilməsi üçün yeni əlaqələndiricilərin - İsveçdən Yönköping regionu Parlamentinin deputatı, Sosial-Demokrat Partiyasının qadınlar təşkilatının idarə heyətinin üzvü İradə Əliyevanın, Norveçdən Oslo Azərbaycan Evinin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təsisçisi Ramil Əliyevin, Finlandiyadan Azərbaycan-Türk Gənclər Təşkilatının təsisçisi və rəhbəri Ülviyyə Cabbarovanın səlahiyyətləri təsdiqlənib.

Koordinasiya Şurasının yeni əlaqələndiriciləri öz çıxışlarında əzəli vətənimiz Azərbaycanın ümummilli maraqları, milli-mədəni irsinin təbliği, xaricdə yaşayan soydaşlarımızın milli mənsubiyyətinin qorunması və məskunlaşdıqları dövlətlərlə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində addımlar atacaqlarını bildiriblər.