Orenburqda Azərbaycan poeziyasından nümunələr səsləndirilib

10.02.2020

Rusiyanın Orenburq şəhərində Azərbaycan poeziyasına həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.

S.T.Aksakov adına vilayət ədiblər evində gerçəkləşdirilən tədbir "Orenburq azərbaycanlılarının milli-mədəni muxtariyyəti" tərəfindən təşkil olunub. Gecədə Orenburq vilayətinin Mədəniyyət Nazirliyinin və hökumətinin, müxtəlif diaspor təşkilatlarının və azərbaycanlı icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə "Orenburq azərbaycanlılarının milli-mədəni muxtariyyəti"nin rəhbəri Yaşar Məsimov, S.T.Aksakov adına vilayət ədiblər evinin direktoru, Rusiya Yazıçılar Birliyinin Orenburq üzrə regional şöbəsinin sədri Vitali Molçanov və başqaları çıxış ediblər.

Bakıda doğulduğunu və böyüdüyünü söyləyən V.Molçanov 2019-cu ildə nəşr olunmuş “Bakı qalası İçərişəhər” kitabını təqdim edib. Kitabda Azərbaycan paytaxtının mərkəzində yerləşən unikal tarixi-arxeoloji qoruqdan söz açılıb, Bakının qədim tarixini əks etdirən Şirvanşahlar Sarayının, Qız Qalasının, qədim məscidlərin, karvansarayın və hamamın ölkənin mədəni abidəsi, hər bir azərbaycanlının qürur mənbəyi olduğuna, xalqımızın qədim adət-ənənələrinə, sənətkarlığına diqqət cəlb edilib.

Gecədə Azərbaycanın görkəmli şairləri Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Rusiya şairləri Sergey Yeseninin, Vitali Molçanovun şeirləri səsləndirilib, Cahangir Cahangirovun, Müslüm Maqomayevin və başqa bəstəkarların mahnıları ifa olunub.