Stokholmda diaspor fəaliyyəti müzakirə edilib

07.02.2020

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti “SAF” İsveç-Azərbaycan Dərnəyinin üzvləri ilə görüşüb.

Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Faiq Quliyev təmsil etdiyi qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, görülən işlər barədə danışaraq, İsveçdə və Skandinaviya bölgəsində diasporumuzun mühüm uğurlara imza atdığını bildirib, “SAF” İsveç-Azərbaycan Dərnəyi ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Qeyd edilib ki, hazırkı səfər Skandinaviya ölkələri üzrə Koordinasiya Şurasının işi ilə yaxından tanış olmaq məqsədi daşıyır, çünki ötən dövr ərzində Şuranın fəaliyyəti təhlil edilib, yaranan problem və boşluqlar öyrənilib. Bildirilib ki, Dövlət Komitəsi diaspor təşkilatları ilə əməkdaşlığı davam etdirmək və diasporumuza zəruri dəstək vermək niyyətindədir.

Məqsəd və görülən işlər barədə ətraflı danışan “SAF” İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova qeyd edib ki, yüzlərlə dərnək üzvü ilə birlikdə Stokholm şəhərində böyük şəbəkənin yaradılmasına nail olublar. Bu şəbəkə diaspor, mədəni və ictimai fəaliyyətlə məşğul olaraq ölkəmizi layiqincə təqdim edir. Gerçəkləşdirilən layihələrin uğurlu nəticələri, “Qarabağ” uşaq rəqs qrupunun nailiyyətləri, Qarabağ həqiqətlərinin yayılması, türkdilli diaspor təşkilatlarının birgə fəaliyyəti, nəzərdə tutulan tədbirlər, habelə İsveçdə Azərbaycan teatrının yaradılması planlarından danışılıb. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın vacibliyini vurğulayan dərnək rəhbəri bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.