Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitənin nümayəndə heyəti fevralın 6-da “Kral Salman” Humanitar Yardım Mərkəzinin (KSHYM) rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.
Səudiyyə Ərəbistanına ilk dəfə səfər etdiyini bildirən və bu ölkədə olmaqdan məmnunluq duyduğunu ifadə edən Komitə sədri dövlətlərimiz arasında əsası Ümummilli lider Heydər Əliyev və Səudiyyə Ərəbistanı Kralı Fəhd bin Əbdüləziz Al Səud tərəfindən qoyulmuş münasibətlərin iki ölkənin dövlət başçıları Prezident İlham Əliyev və Kral Salman bin Əbdüləziz Al Səudun səyləri nəticəsində daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub, humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Səudiyyə Ərəbistanı tərəfini məlumatlandıran Komitə sədri azərbaycanlıların dünyanın 50-dən artıq ölkəsində yaşadıqlarını və yerli cəmiyyətlərə asanlıqla inteqrasiya etdiklərini bildirib. O, qeyd edib ki, hazırda xaricdə yaşayan həmvətənlərimiz üçün müxtəlif irimiqyaslı layihələr həyata keçirilir.
Komitə sədri Heydər Əliyev Fondunun fəaliyyəti, onun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihələr, habelə beynəlxalq əlaqələri barədə qarşı tərəfə məlumat verib.
Səudiyyə Ərəbistanında yaşayan soydaşlarımızın əsasən səhiyyə sektorunda çalışdığı barədə məlumat verilib və onların yaşadıqları ölkənin inkişafına öz töhfələrini verdikləri vurğulanıb.
Abdullah Ər-Rabiə Səudiyyə Ərəbistanının ali rəhbərliyinin Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıraraq, Azərbaycan tərəfinin əməkdaşlıqla bağlı təkliflərini və Azərbaycanla əməkdaşlıq əlaqələrini müzakirə etməyə hazır olduğunu bildirib.
“Kral Salman” Humanitar Yardım Mərkəzi haqqında Azərbaycan nümayəndə heyətinə məlumat verən A.Ər-Rabiə rəhbərlik etdiyi qurumun fəaliyyətinin çoxşaxəli olduğunu, həyata keçirdiyi layihələrin təkcə Səudiyyə Ərəbistanının deyil, bütün müsəlman dünyasının rifahına xidmət etdiyini diqqətə çatdırıb.
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər irəli sürülüb.