Qazaxıstan nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib

06.02.2020

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana səfər etmiş Qazaxıstan Xalqı Assambleyasının sədr müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycandakı milli icmaların nümayəndələri ilə görüşüb. Görüş zamanı milli icmaların mədəniyyətlərarası dialoqda önəmini vurğulayan icma nümayəndələri Azərbaycanın tolerantlıq kimi universal dəyərlərə hər zaman sadiq qaldığını vurğulayıblar. Daha sonra milli icmanın nümayəndələri Azərbaycanda müxtəlif xalqların nümayəndələrinə göstərilən xoş münasibətdən, Prezident İlham Əliyevin yerli icma nümayəndələrinə qayğısından söz açıblar.

Canseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Görüş zamanı Günay Əfəndiyeva rəhbərlik etdiyi Fond barədə məlumat verərək, həyata keçirilən layihələrin türk dünyasının zəngin tarixinin və irsinin araşdırılmasına, eləcə də türkdilli xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. O, həmçinin Fond tərəfindən türkdilli xalqların mədəni irsinin tanıdılması istiqamətində aparılan fəaliyyət barədə qonaqlara məlumat verib. Fondun prezidenti türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq arenada təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələri və möhtəşəm memarlıq abidələrinin mühafizəsinin önəmini diqqətə çatdırıb, Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi tədbir, konfrans, simpozium və sərgilərdən bəhs edib.

Nümayəndə heyəti səfər çərçivəsində Heydər Əliyev Mərkəzində də olub. Qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə bildirilib ki, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə, eləcə də inkişafına xidmət edir.

Qazaxıstan nümayəndə heyətinin daha bir görüşü Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə olub. Görüş zamanı hər iki xalq arasında çoxəsrlik tarixə malik olan dostluq və qardaşlıq münasibətlərinin gənc nəsil tərəfindən gələcəkdə də inkişaf etdirilməsinin vacibliyindən danışılıb. Daha sonra qonaqlar Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, Mərkəz qardaş Qazax xalqının mədəniyyətinin yayılmasına kömək edir.