Almaniyanın Axen şəhərində "Azərbaycanda alman xatirələri" adlı tədbir keçirilib. Bu şəhərdə yaşayan soydaşımız Ceyhun Məmmədovun ideyası və təşəbbüsü ilə təşkil olunan tədbirdə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Almaniya və Azərbaycanı bir araya gətirən dəyərlər, iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələr haqda faktlar və alman qaçqınların yeni yurdlarında köhnə evlərinin bədii formada əksi mövzularından danışılıb.
Qeyd edilib ki, 200 il öncə Azərbaycana gələn almanlar indiki Göygöl və Şəmkir (o zamankı Helenendorf və Annanfeld) rayonlarında məskən salıblar. 1819-ci ildən 1941-ci ilə qədər keçən müddət ərzində almanların Göygöl, Şəmkir və Tovuz rayonlarında üzümçülük və şərabçılığın əsasını qoyduqları, evlər, kilsələr tikdikləri, su kanalı çəkdikləri, körpülər saldıqları və digər əhəmiyyətli işlər gördükləri vurğulanıb. Hazırda Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan mədəniyyət evinin ("Kopelhaus") ölkəmizdə yaşayan azsaylı almanlar üçün görüş yerinə çevrildiyi, bir vaxtlar ölkəmizdə yaşamış zəhmətkeş, əməksevər almanların xatirəsinin heç zaman unudulmayacağı diqqətə çatdırılıb.
Tədbirdə almanların ölkəmizdəki fəaliyyətinə həsr olunmuş sənədli film və foto-sərgi nümayiş olunub, eləcə də Axen Teatrının solisti Leyla Məmmədovanın konsert proqramı təqdim edilib.