Aktauda xeyriyyə aksiyası keçirilib

05.02.2020

Fevralın 2-də Qazaxıstanın Aktau şəhərində Gənclər Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib. Tədbiri ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğu, “Dostluq” milli-mədəni cəmiyyətinin fəal üzvü, iş adamı Elmir Şahsuvarov və digər soydaşlarımız birgə təşkil ediblər.

“Astana” Ticarət Əyləncə Mərkəzində gerçəkləşdirilən tədbirdə Aktau şəhərində yerləşən “Ailə tipli regional uşaq kəndi”ndə yaşayan 32 azyaşlı və yetkinlik yaşına çatmamış uşaqlar, müəssisənin rəhbəri Naurızbayev Orınbasar Kızılquloviç və müəllimlər heyəti iştirak ediblər.

Xalqlarımız arasında formalaşmış dostluq münasibətlərindən danışan Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov aksiya iştirakçılarına ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə göstərdiyi diqqət və qayğı, 2 fevral tarixinin “Gənclər Günü” elan edilməsi, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, ölkədə könüllülər hərəkatının geniş vüsət alması, Azərbaycan və Qazaxıstan Prezidentlərinin 2020-ci ili “Könüllülər ili” elan etməsi barədə ətraflı məlumat verib.

“Mangistau” dövlət televiziya kanalı aksiya barədə video məlumat yayıb.