Avropa Azərbaycanlıları Konqresi (AAK) Niderlandın Xarici İşlər Nazirliyinə, Vergilər və Gömrük administrasiyasına müraciət edib.
Müraciətdə bildirilib ki, Amsterdam şəhərindəki Nikeri küçəsi 27 ünvanında yerləşən ”Mini Mix” supermarketində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən "Artsax Frut" məhsullarının qanunsuz satışı aşkarlanıb. AAK xatırladıb ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır və beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. Odur ki, qondarma rejimin qaçaqmalçılıq yolu ilə Niderland Krallığına "Artsax Frut"u ixrac etməsi beynəlxalq hüquqa ziddir.
Soydaşlarımız bu malların gömrük nəzarətinə, vergiyə cəlb edilmədiyinə diqqəti cəlb edərək, "Artsax Frut"un satışını dayandırmağı və bu malların Avropaya necə gətirildiyinin müəyyənləşdirilməsini xahiş ediblər.
AAK Niderlandın dövlət orqanlarına ünvanladığı müraciət barədə Azərbaycanın Niderland Krallığındakı səfirliyini də məlumatlandırıb. Səfirlik də öz növbəsində müvafiq rəsmi orqanları məsələnin ciddiliyini nəzərə almağa dəvət edərək, tədbir görülməsini tələb edib.