Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib

31.01.2020

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2 fevral - Gənclər Günü münasibətilə “Könüllülük - vətənpərvərlik məktəbi, xalqa və dövlətə xidmət örnəyi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramı üzrə koordinator Bəxtiyar Rəhimov və “Azərbaycan Diaspor Könüllüləri” proqramının təmsilçiləri də iştirak edib.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov, DİDK əməkdaşı Bəxtiyar Rəhimov çıxış ediblər.

Qeyd edilib ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan dövlət quruculuğunun bütün sahələrində nəzərəçarpan tərəqqiyə, davamlı və inklüziv inkişafa nail olub. Çıxışlarda vurğulanıb ki, Azərbaycan islahatçı ölkə kimi daim yeniliyə, müasirliyə can atır. Aparılan məqsədyönlü və ardıcıl siyasət, o cümlədən ölkə vətəndaşlarının rifahının yüksəldilməsi üçün görülən tədbirlər bunu deməyə əsas verir.

Bildirilib ki, son illər ölkəmizdə geniş vüsət alan könüllülük sosial fəaliyyətin bir sahəsidir, Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Çıxış edənlər ölkəmizin qazandığı uğurlarda könüllü gənclərin xüsusi xidmətlərinin olduğunu vurğulayıblar.