Xarkovdakı alimlər evində Azərbaycan əsilli Ukrayna yazıçısı Qriqori Camal oğlu Hüseynovun yaradıcılıq gecəsi keçirilib.
Tədbiri Xarkov vilayətində fəaliyyət göstərən "Dostluq" Azərbaycan-Ukrayna dostluq cəmiyyəti təşkil edib. İki ölkənin mədəni əlaqələri çərçivəsində gerçəkləşdirilən tədbirin məqsədi yerli ictimaiyyəti yazıçının yaradıcılığı ilə tanış etmək, ABŞ, Kanada və Avropada da oxucuları olan azərbaycanlı ədiblərin Ukrayna ziyalılarının ayrılmaz tərkib hissəsi olduğunu göstərməkdir.
Tədbirdə vilayətin yaradıcı ziyalıları, ali məktəblərin rəhbərləri, Azərbaycan diasporunun, ictimai-mədəni təşkilatların, özbək diasporunun nümayəndələri, "Dostluq" Azərbaycan mədəni-tədris mərkəzinin yetirmələri iştirak ediblər.
Ukrayna yazıçılar və jurnalistlər birliklərinin üzvü Lüsina Xvorostun moderatorluğu ilə keçirilən tədbir zamanı yazıçınin "Şərq küləyi" kitabının təqdimatı da olub. Q.Hüseynov əsər üzərində işlədiyi zaman keçirdiyi duyğuları bölüşüb. "Dostluq" cəmiyyətinin idarə heyətinin üzvləri Pənah Bəkirov, Bəhlul Mustafayev, Azad Ömərov, Vəli Həsənov, ukraynalı şairə Nina Suprunenko və başqaları kitab haqqında fikirlərini söyləyiblər.
Qeyd edək ki, Q.Hüseynov mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ali dövlət mükafatı sayılan Taras Şevçenko adına Ukrayna milli ödülünə layiq görülən yeganə azərbaycanlıdır.