Moskvada növbəti erməni təxribatının qarşısı alınıb

27.01.2020

Soydaşlarımız Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etmək məqsədilə çəkilmiş erməni filminin Moskvada nümayişinin təxirə salınmasına nail olublar.

Yanvarın 26-da Rusiya paytaxtının "Pobeda" kinoteatrında nümayişi nəzərdə tutulmuş "Aran - mistik ölkə" adlı bədii-sənədli filminin təqdimatı təxirə salınıb. Filmdə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun "tarixi Ermənistan" torpağı olduğu iddia edilib.

Filmin nümayişinə kəskin etiraz bildirən Moskva azərbaycanlıları icmasının sədri Şamil Tağıyev şəhər hökumətinin mədəniyyət departamentinə müraciət edib. Erməni separatçılarının məkrli niyyətlərini diqqətə çatdıran icma sədri filmin göstərilməsindən imtina etməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda Rusiyanın Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət göndəriləcək.

Qeyd edək ki, bundan öncə Qazaxıstanda erməni təxribatının qarşısı alınmışdı. Azərbaycanın Qazaxıstandakı səfirliyinin etirazı nəticəsində qardaş ölkədə yalançı faktlara əsaslanan "Qərbi Ermənistan, itirilmiş vətən" adlı erməni filminin nümayişindən imtina edilmişdi.