Torontoda silsilə anım tədbirləri keçirilib

24.01.2020

Kanadanın Toronto şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.

Kanadanın Azərbaycan Alyansının təşkilatçılığı ilə baş tutan tədbir ölkəmizin dövlət himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə diaspor fəalları Esmira Əsədova, Yeganə Cəfərova, Oğuz Reza və başqaları çıxış ediblər. Natiqlər 30 il öncə Vətənin azadlığı və ərazi bütövlüyünü tələb edən Azərbaycan vətəndaşlarına qarşı SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayətdən, həmin günün Azərbaycan tarixinə şərəf və zəfər səhifəsi kimi yazıldığından, şəhidlərin qəhrəmanlığının unudulmayacağından danışıblar.

Sonra Naznaz Sadıqova 20 Yanvar şəhidlərinə həsr olunmuş şeir səsləndirib, tanınmış musiqiçi Rüfət Əmirəliyev skripkada klassik musiqi əsərlərini, müğənni Yusif Savalan "Ölkəm" romansını və "Ayrılıq" mahnısını ifa ediblər.

Ontario Azərbaycanlıları İcmasının təşkilatçılığıyla keçirilən anım mərasimi də 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə ilahiyyatçı alim Elsevər Səmədov, Əkbər İsgəndərov və digərləri çıxış ediblər. Natiqlər 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən sovet qoşunlarının Bakıya və Azərbaycanın bir necə şəhərinə yeridilməsi nəticəsində xalqımıza qarşı dəhşətli cinayətə yol verildiyini, yüzlərlə dinc sakinin qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü xatırladıblar. Qeyd edilib ki, Qanlı Yanvar hadisələrini, şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qəhrəmanlıq salnaməsini xalqımız, eləcə də bütün dünyada yaşayan soydaşlarımız unutmurlar və unutmayacaqlar. Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.

Toronto şəhər təhsil müəssisəsinin xarici dillər bölməsinin Azərbaycan dili - Ana dili sinfinin növbəti dərsinin mövzusu 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunub.

Sinfin rəhbəri və 20 Yanvar hadisələrinin canlı şahidi Yeganə Cəfərova şagirdlərə 30 il öncə Bakıda və Azərbaycanın digər şəhərlərində baş vermiş hadisələr barədə ətraflı məlumat verib. SSRİ rəhbərliyinin heç bir xəbərdarlıq etmədən Bakıya qoşun yeritməsi nəticəsində qətlə yetirilən dinc sakinlərin arasında məktəbli uşaqların da olduğu, torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasına etirazını bildirən, ərazi bütövlüyümüzün təmin olunmasını, Azərbaycana ədalətli münasibətin göstərilməsini tələb edən silahsız vətəndaşlarımıza amansız divan tutulduğu diqqətə çatdırılıb. Həmin günün Azərbaycan tarixinə şərəfli səhifə kimi yazıldığı, müstəqillik mübarizəsi yolunda dönüş nöqtəsi olduğu vurğulanıb.

Dərs çərçivəsində şagirdlər "Mən vətənimə sülh istəyirəm" adlı stend hazırlayıblar.