Bat-Yam şəhərində 20 Yanvar şəhidləri anılıb

23.01.2020

İsrailin Bat-Yam şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkil etdiyi tədbir İncəsənət İnstitutunun bədii qalereyasında gerçəkləşdirilib. 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə "Azİz"in prezidenti Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, tanınmış jurnalist Viktoriya Dolinskaya və başqaları çıxış ediblər.

Bildirilib ki, sovet rejimi öz əzəli torpaqlarının müdafiəsinə qalxmış Azərbaycan xalqının iradəsini qırmaq üçün xəbərdarlıq etmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qoşunları Bakıya yeridərək qırğın törədib. Nəticədə yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb və həbsə atılıb. Sovet hərbçilərinin Bakı küçələrində dinc insanlara qarşı törətdikləri vəhşi əməllərin hər kəsi dəhşətə gətirdiyi, həmin hadisələrin şahidlərin yaddaşından heç zaman silinməyəcəyi vurğulanıb.

Tədbir çərçivəsində keçmiş Bakı sakinləri Qriqori Rayxman və Alik Mehdiyevin 20 Yanvar faciəsini əks etdirən fotosərgisi nümayiş olunub.