Vladiqafqazda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

23.01.2020

Rusiya Federasiyasının Şimali Osetiya - Alaniya Respublikasında 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə respublikanın "Azərbaycanlılar Konqresi"nin üzvləri və gənclər iştirak ediblər.

20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Azərbaycanlılar Konqresinin” sədri Murtaza Gülməmmədov, Konqresin Gənclər təşkilatının sədri Zaur Mamedov və başqaları çıxış ediblər. Qeyd edilib ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

20 Yanvar faciəsini Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi adlandıran diaspor üzvləri ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu hadisələrə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini xatırladıblar.

Qeyd edilib ki, baş vermiş faciənin Azərbaycandan kənarda doğulmuş azərbaycanlı gənclərin yaddaşında qalması üçün belə tədbirlərin və sərgilərin mütəmadi keçirilməsi vacibdir.

Tədbir 20 Yanvar şəhidlərinin ruhuna duaların oxunması ilə başa çatıb.