Rusiyanın Perm vilayətinin müxtəlif bölgələrində və Saratov şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Perm Dövlət kitabxanasında təşkil olunan “20 Yanvar - Qanlı faciə” adlı konfransda Azərbaycan və digər xalqların diaspor fəalları iştirak ediblər. Tədbirdə “Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Çingiz İsayev, azərbaycanlı gənclərin nümayəndəsi Rəşad Əkbərov, Ağsaqqallar Şurasının sədri İsmayıl Abdullayev və digərləri çıxış ediblər.
Onlar SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə göstərişi ilə Bakıya yeridilən sovet ordusu bölmələrinin və onların içərisində gətirilən ermənilərin Azərbaycan paytaxtında törətdikləri vəhşiliklər barədə danışıblar, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etməklə şəhidlərin tariximizin şərəfli səhifəsini yazdıqlarını, millətin birlik və həmrəylik iradəsini nümayiş etdirdiklərini vurğulayıblar.
Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən fotosərgi və sənədli film nümayiş etdirilib.
Saratov şəhərində keçirilən tədbirdə isə vilayət azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin və "Vətən" Azərbaycan milli-mədəni mərkəzinin rəhbəri Hacı Murad Muradov, vilayətin müftisi Müqəddəs-həzrət Bibarsov, milli-mədəni birliklər assosiasiyasının prezidenti Salman-hacı Musayev, İnquşetiya başçısının Saratov vilayətindəki səlahiyyətli nümayəndəsi İssa Tarşxoyev, Azərbaycan və digər xalqların diaspor nümayəndələri iştirak ediblər.
Müqəddəs Quran ayələrinin oxunması ilə başlayan tədbirdə çıxış edənlər 30 il öncə baş vermiş hadisələri unutmamağı və gələcəkdə belə faciələrin baş verməməsi üçün hər kəsin əlindən gələni etməli olduğunu vurğulayıblar. Vilayətdəki azərbaycanlı gənclərin ictimai həyatda fəal olduqları təqdir olunub və soydaşlarımızın sıx birlik şəklində fəaliyyət göstərməsinin vacibliyi qeyd edilib.
Tədbir iştirakçıları bu cür maarifçilik tədbirlərinin daha geniş çevrədə keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.