İstanbulda “Müstəqilliyə gedən yol - 20 Yanvar” adlı tədbir keçirilib

23.01.2020

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Müstəqilliyə gedən yol - 20 Yanvar” anım mərasimi keçirilib.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin deputatı Hayrettin Nuhoğlu, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Adana Türkiyə Azərbaycan Dərnəyinin sədri Yakup Bulut və başqaları iştirak ediblər.

Dərnəyin sədri Səfər Qaraqoyunlu, tədqiqatçı Mətin Yıldırım, millət vəkilləri Şamil Ayrım, Hayrettin Nuhoğlu və digərləri çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş dəhşətli faciədən danışıblar. Bildirilib ki, dərin hüzn hissi ilə yaddaşlara həkk olunmuş bu qətliam, əslində, Azərbaycan xalqının 70 illik əsarətə son qoyduğu və zalımlıq qarşısında əzmlə dayandığı gündür. 20 Yanvar hadisələri Azərbaycan tarixinə qanlı bir faciə kimi daxil olsa da, eyni zamanda, xalqımızın milli qəhrəmanlıq salnaməsinin ən yaddaqalan səhifələrindən biridir.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən fotosərgi təşkil edilib.