Ukrayna mediası 20 Yanvar faciəsindən yazıb

23.01.2020

Ukraynanın tanınmış “Obozrevatel” saytında 20 Yanvar faciəsindən bəhs edən "Azadlığın nə olduğunu yalnız ondan ötrü ölməyə hazır olanlar bilirlər" ("Что такое свобода, знают лишь те, кто готов умереть за нее") başlıqlı məqalə dərc edilib.

Murad Cəfərovun müəllifi olduğu məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda dinc sakinlərə qarşı törətdiyi amansız cinayətdən yazılıb. Həmin faciəli günlərin uşaqlıq dövrünə təsadüf etdiyini, orta məktəbin 5-ci sinif şagirdi olduğunu yada salan müəllif mülki şəxslərin necə qətlə yetirildiyinə, xalqımıza qarşı dəhşətli cinayətin törədildiyinə diqqəti cəlb edib.

Müəllif onu da vurğulayıb ki, azərbaycanlılara qarşı törədilən qırğın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli idi. Çünki SSRİ rəhbərliyi Ermənistanın işğalçı və terrorçu əməllərinə etiraz edən, ölkələrinin ərazi bütövlüyü uğrundə dinc mübarizəyə qalxan azərbaycanlıları kölə vəziyyətinə salmaq istəyirdi. Lakin sovet rejimi buna nail ola bilmədi, çünki Azərbaycan xalqı mübarizəni davam etdirərək dövlət müstəqilliyini bərpa etdi.

O, xatırladıb ki, 1990-ci il yanvarın 21-də Ukraynada təhsil alan azərbaycanlılar paytaxtın Maydan meydanına toplaşaraq SSRİ rəhbərliyinə etiraz səslərini ucaldıblar.

Qeyd edək ki, M.Cəfərov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavinidir.

Məqaləni tam şəkildə bu linkdən oxumaq olar:

https://www.obozrevatel.com/abroad/chto-takoe-svoboda-znayut-lish-te-kto-gotov-umeret-za-nee.htm