Odessadakı həftəsonu Azərbaycan məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

23.01.2020

Odessa şəhərindəki Əhməd Cavad adına həftəsonu Azərbaycan məktəbində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Məktəb şagirdləri sinifdəki masaların üzərinə Azərbaycan bayraqlarını və qərənfilləri düzməklə ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərə hörmət və ehtiramlarını bildiriblər. Dərsin mövzusuna uyğun olaraq şagirdlərə 30 il bundan əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın digər şəhərlərində sovet qoşunlarının törətdiyi qanlı cinayət barədə ətraflı məlumat verilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra "20 Yanvar - tariximizin qanlı və şanlı səhifəsi", "Erməni terrorunun izi" və "Qarabağ" kitablarından parçalar oxunub, şagirdlər Azərbaycan dilində Vətənə, şəhidlərə və Qarabağa həsr olunmuş şeirlər səsləndiriblər.