Rusiyanın Yekaterinburq şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Ölkəmizin Yekaterinburq şəhərindəki Baş konsulluğunun və Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan” ictimai təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə yerli hakimiyyət orqanlarının rəhbər şəxsləri, Özbəkistan, Tatarıstan və Dağıstanın diaspor təşkilatlarının rəhbərləri və azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə Baş konsul İlqar İskəndərov çıxış edərək 30 il öncə SSRİ rəhbərliyinin göstərişi ilə heç bir xəbərdarlıq olunmadan sovet silahlı qüvvələrinin çoxsaylı kontingentinin Bakıya yeridilməsi nəticəsində yüzlərlə dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, yaralanması və itkin düşməsi barədə ətraflı məlumat verib. Faciənin ertəsi günü bütün təhlükələrə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakı şəhərində törədilmiş hərbi cinayətə sərt etirazını bildirdiyi, günahkarların cəzalandırılmasını tələb etdiyi diqqətə çatdırılıb. Azərbaycanlı diplomat gənc nəslin xalqımızın başına gələn bəlaları və ölkəmizin müstəqilliyi uğrunda həlak olan qəhrəmanlarımızı unutmamağa və bu tarixi faktları gələcək nəsillərə ötürməyə çağırıb.
Tədbir xalqımızın sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 yanvar hadisələrinə həsr olunmuş sənədli filmlərin nümayişi ilə davam etdirilib.
Sonra “Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şıxlınski, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki rəhbəri və üzvləri, Özbəkistan, Tatarıstan və Dağıstan diaspor təşkilatlarının rəhbərləri çıxış edərək xalqımıza qarşı törədilən bu faciəni pisləyiblər.
Tədbir şəhidlərimizin ruhuna duaların oxunması ilə başa çatıb.