Neapolda "30 ilin yaddaşı" sənədli filmi italyanca təqdim olunub

23.01.2020

İtaliyanın Neapol şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Diaspor Komitəsinin dəstəyi və Neapol-Bakı Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə elm xadimləri, diplomatik korpusların, KİV-lərin nümayəndələri, bu ölkədəki diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Neapol-Bakı Mədəniyyət Assosiasiyasının prezidenti Giuseppe Caniglia, Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov, Azərbaycanın İtaliyadakı səfirliyinin birinci müşaviri Ruslan Rzayev və digərləri çıxış ediblər. 20 Yanvar faciəsi barədə İtaliya ictimaiyyətinin nümayəndələrinə geniş məlumat verən natiqlər qeyd ediblər ki, 30 il öncə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin qəhrəmanlığı ölkə tarixinə şanlı səhifə kimi yazılıb və bu şücaət gələcək nəsillərə nümunə olacaq. Bildirilib ki, sovet hakimiyyətinin törətdiyi bu qanlı cinayət xalqımızı müstəqillik yolundan çəkindirə bilməyib. Ümummilli lider Heydər Əliyevin qanlı qırğından dərhal sonra Moskvada sovet dövlətinin rəhbərlərini ifşa etdiyi və müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğu diqqətə çatdırılıb.

G.Caniglia deyib: "1990-cı ilin 20 yanvarında Bakıda heç bir insanlığa sığmayan dinc insanların qətliamı baş verib. Bu faciədən 30 il keçir. Neapol-Bakı Mədəniyyət Assosiasiyası olaraq biz bu günə biganə yanaşa bilməzdik. İtaliya ictimayyətində bu faciə barəsində dəqiq məlumat olmasını istədik. Burada yerli mətbuat nümayəndələri də iştirak edirlər. Təbii ki, dünya ictimayyətinin bu faciə barədə doğru məlumat almasını özümüzə borc hesab edirik".

Tədbir 20 yanvar faciəsinə həsr olunmuş "30 ilin yaddaşı" sənədli filminin italyan dilində nümayişi ilə davam etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Neapol şəhər icmasının sədri, professor Francesco Vernetti qeyd edib ki: "Burada izlədiyimiz görüntülər dəhşətdir. Bizim həyatda olduğumuz 1990-cı il. Dinc insanların haqsız yerə gülləbaran edilməsi heç bir insanlığa sığmayan cinayətdir. Filmdən çox təsirləndim. Xüsusilə əliyalın insanların tankların önünə necə cəsarətlə çıxdığını görmək mənə qürur və hüzn hisslərini yaşatdı. Bu, dillə ifadə edilə bilməyəcək hisslərdir".

Tədbir 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin disklərinin və Qarabağ həqiqətləri barədə çap materiallarının paylanılması ilə başa çatıb.