Moskvada 20 Yanvar şəhidləri anılıb

23.01.2020

Rusiyanın paytaxtı Moskvada 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım gecəsi keçirilib. Akademik Fazil Qurbanovun təşəbbüsü ilə baş tutan tədbirdə Moskvadan və Rusiyanın digər regionlarından Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir öncəsi Qara Yanvar şəhidlərinə həsr olunmuş guşənin önünə çiçəklər düzülüb və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan akademik Fazil Qurbanov 30 il öncə baş vermiş faciənin müstəqil Azərbaycanın dövlətçilik tarixinə xalqımızın qəhrəmanlıq, milli birlik və həmrəylik səhifəsi kimi yazıldığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına başsağlığı verib: “Mən həmin hadisələri yenidən danışmaq istəmirəm, siz bunları çox gözəl bilirsiniz. Bilirsiniz ki, günahsız dinc sakinlərə atəş açıblar, pəncərələrə atəş açıblar. Bu gün Azərbaycan inkişaf edir, Azərbaycan suveren dövlətdir, dünyada onunla hesablaşırlar və bu da Azərbaycan xalqına əl qaldırmağa cəsarət edənlərə ən yaxşı cavabdır”.

Professor Kamran Rüstəmov 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib və qanlı hadisələrin xronikasını açıqlayıb.

Tarix elmləri namizədi Manaf Ağayev isə 1990-cı il yanvarın 21-də Azərbaycanın dahi siyasətçisi Heydər Əliyevin ailəsi ilə birlikdə Moskvadakı daimi nümayəndəliyə gələrək baş verən hadisələrə etiraz etməsinin şahidi olduğunu söyləyib: "Heydər Əliyev ümummilli lider kimi, o vaxt Azərbaycanın hələ elan edilməmiş müstəqillik tarixinin ilk səhifəsini yazdı. Həmin hadisələrə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra layiqincə qiymət verildi və bu faciə SSRİ-nin Azərbaycan xalqına qarşı hərbi təcavüz aktı kimi qiymətləndirildi”.

Sonda şair, publisist İlham Bədəlbəyli Bakıda 20 Yanvar şəhidlərinə həsr etdiyi şeirindən bir parçanı təqdim edib.