Avstraliyanın Sidney şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri təşkil edilib.
Avstraliya Azərbaycan Assosiasiyası (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə baş tutan tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsilə başlayıb.
Tədbirdə AAA prezidenti və GADTB beynəlxalq əlaqələr departamentinin sədri Mikayıl Oyta, GADTB maliyyə departamentinin sədri Sima Azərsun və AAA üzvü Nazim Salahov çıxış ediblər. Qeyd edilib ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Çünki şəhidlərimiz məhz, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər. SSRİ rəhbərliyinin törətdiyi cinayət, dinc insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi.