Belçikada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

22.01.2020

Belçikanın Antverpen şəhərində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü olan “Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə azərbaycanlı, türk və digər icmaların fəalları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə “Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin rəhbəri İlkin Hüseynzadə, diaspor fəalı Təyyar Hüseynov və 20 Yanvar hadisələrinin canlı şahidləri çıxış ediblər. 30 il öncə Bakıda və ölkəmizin digər şəhərlərində baş verənləri tarixi faktlarla diqqətə çatdıran natiqlər qeyd ediblər ki, xalqımız şəhidlərimizi unutmur, onların xatirəsini daim hörmət və ehtiramla yad edir. Prezident İlham Əliyevin 20 Yanvar hadisələrinin 30-cu ildönümünün geniş miqyasda qeyd edilməsinə dair imzaladığı Sərəncam da tarixi keçmişimizə olan diqqətin və hörmətin sübutudur.

Qeyd edilib ki, 20 yanvar faciəsi, Xocalı soyqırımı kimi insanlığa qarşı olan cinayətlərin dünya və Avropa ictimaiyyətinin diqqətinə çatdırılması üçün xaricdə yaşayan soydaşlarımızın və diaspor təşkilatlarımızın da üzərinə böyük məsuliyyət düşür. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bir araya gəlmək, xalqımızın başına gələn fəlakətlərin unudulmasına yol verməmək lazımdır. Məhz xalqımızın mənafeyi soydaşlarımızın birgə və təşkilatlanmış şəkildə fəaliyyət göstərməsini zəruri edir.

Tədbir “20 Yanvar” hadisələrindən bəhs edən sənədli filmin nümayişi ilə yekunlaşıb.