Azərbaycanın Macarıstandakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Ölkəmizin azadlığı uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə diplomatlarımız, Azərbaycan diasporunun üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, “Qardaşlıq” Macar-Azəri birgə cəmiyyətinin sədri Ramiz Əmirli, macar ictimaiyyətinin nümayəndəsi Akoş Barakşo və Budapeştdə təhsil alan tələbələr çıxış ediblər. Natiqlər 30 il öncə Azərbaycan tarixinə Qara Yanvar kimi düşmüş bu faciənin səbəbini ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığı ilə izah ediblər. Ümummilli lider Heydər Əliyevin hadisələrdən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədiyi, dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdığı, bu qanunsuz əməllərə siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyi diqqətə çatdırılıb. Yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu hadisələrə siyasi-hüquqi qiymət verildiyi bildirilib.
Tarixboyu xalqımızın üzləşdiyi faciələr və Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün xaricdə yaşayan Azərbaycan diasporunun, xüsusilə də gənclərimizin daha fəal olmasının, yaşadıqları ölkədən asılı olmayaraq, Vətənini və xalqını sevən hər bir azərbaycanlının şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad etməsinin vacibliyi vurğulanıb.
1956-cı ildə Macarıstanda sovet ordusunun törətdiyi qanlı hadisələrlə 20 Yanvar faciəsi arasında müqayisələr aparılıb. Dost macar xalqının Azərbaycanın öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizəni yüksək qiymətləndirdiyi, bu kədərli gündə Azərbaycan xalqının yanında olduğu bildirilib.
Azərbaycanlı tələbələr 20 Yanvar hadisələri ilə bağlı valideynlərindən eşitdikləri acı xatirələri bölüşüblər.
Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən foto-sərgi nümayiş olunub, azərbaycanlı tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar ifa ediblər.