Oljas Süleymenov: "Dünyanın nadir siyasət adamlarından olan Heydər Əliyev hakimiyyətdə olsaydı, bütün bu hadisələr baş verməzdi"

22.01.2020

Qazaxıstanın Almatı şəhərində 20 yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı tədbir keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, diplomatları, Azərbaycan diasporunun rəhbərləri və üzvləri iştirak ediblər. Qonaqların arasında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya sovet qoşunlarının yeridilməsinə kəskin etirazı ilə yadda qalan və xalqımızın sevimlisinə çevrilən məşhur dövlət xadimi, yazıçı Oljas Süleymenov da olub.

20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayan mərasimdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Azərbaycanın böyük dostu Oljas Süleymenov çıxış ediblər. Azərbaycanlı diplomat bildirib ki, 30 il öncə yaşadığımız 20 Yanvar faciəsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Amma Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, xalqımızı ölkənin müstəqilliyi uğrunda mübarizədə daha da sıx birləşdirdi, azadlığın nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi.

Həmin ağır günlərdə qazax xalqının böyük oğlu Oljas Süleymenovun Azərbaycan xalqının yanında olduğu və böyük dəstək göstərdiyi yada salınıb.

Oljas Süleymenov deyib ki, 20 Yanvar hadisələri bütün azərbaycanlılar kimi onun üçün də xatirə günüdür: "Çünki, o ağrılı-acılı günlər ömürlük yaddaşıma həkk olundu. Biz “Qara Yanvar”ı “müstəqilliyə aparan yol” adlandırırıq. Amma bu cür faciələr tarixdə, qəlblərdə, düşüncələrdə xoş iz buraxmır. Bu gün bənzər hadisələr hələ də dünyanın bəzi ölkələrində davam edir. Bakıda baş verənlərdən dərs çıxarmaq lazımdır. Özlərini siyasətçi adlandırıb, xalq adından danışıb, onu uçuruma aparanlara qarşı daha diqqətli olmaq lazımdır. O dövrdə Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid olunmasından, təqiblərə məruz qalmasından istifadə edən qüvvələr Azərbaycanda “Qanlı yanvar” faciəsini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini törətdilər. Düşünürəm ki, dünyanın nadir siyasət adamlarından olan Heydər Əliyev hakimiyyətdə olsaydı, bütün bu hadisələr baş verməzdi və müstəqilliyə aparan yol tamamilə başqa cür ola bilərdi. “Qanlı yanvar” hadisələri Heydər Əliyevin Azərbaycana, qəlbən bağlı olduğu doğma xalqının taleyinə və ağrı-acılarına əsl övlad münasibətini bir daha bariz şəkildə ortaya qoydu”.

20 Yanvar faciəsindən bəhs edən filmin nümayişindən sonra gənc pianoçu, beynəlxalq mükafatlar laureatçısı Fəqan Həsənlinin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş musiqi proqramı təqdim olunub.