Niderlandda 20 Yanvar şəhidləri anılıb

21.01.2020

Niderlandın Amsterdam, Rotterdam və Haaqa şəhərlərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

Amsterdam şəhərinin Dam meydaninda keçirilən anım mərasimində Niderlandda yaşayan bəstəkar mügənni Firəngiz Bağırova klassik əsərlər ifa edib, yerli sakinlərə 20 Yanvar faciəsini əks etdirən bukletlər və qərənfillər paylanılıb.

Bu tədbir “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyətinin sədri Frəngiz Bağırovanın təşəbbüsü və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasın dəstəyi ilə gerçəkləşdirilib.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdam şəhərində təşkil etdiyi tədbirdə isə Azərbaycanın Niderlanddakı səfirliyinin əməkdaşı, diaspor üzvləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, 30 il bundan əvvəl sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etməsi bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olub. Qeyd edilib ki, faciə zamanı 140-dan çox insan qətlə yetirilsə də, 700-dən artıq insan yaralansa da, bu qanlı çinayət xalqımızın öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizəni dayandıra bilmədi və Azərbaycan dövlət müstəqilliyinə qovuşdu. 20 Yanvar şəhidlərinin qəhrəmanlığının azərbaycanlı gənclər üçün örnək olduğu, bu qədər çətinliklə əldə olunmuş dövlət müstəqilliyimizin qorunması missiyasının, məhz gənclərin üzərinə düşdüyü vurğulanıb. Bütün dünyada, eləcə də Niderlandda yaşayan soydaşlarımızın 20 Yanvar şəhidlərini unutmadıqları, onların əziz xatirələrinin daim dərin ehtiramla yad edildiyi bir daha nəzərə çatdırılıb.

Tədbir iştirakçıları xalqımıza qarşı bu qanlı cinayəti törədənlərə başçılıq edən SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Beynəlxalq Məhkəməyə cəlb edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilati dəstəyilə Haaqa şəhərində keçirilən mərasimdə də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

Tədbirdə çıxış edən dərnəyin sədri İlhan Aşkın 30 il öncə baş vermiş 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib. Sovet ordusunun qanlı əməliyyatının Azərbaycan xalqının iradəsini qıra bilmədiyi, milli azadlıq mübarizəsinin dövlət müstəqilliyinin əldə olunması ilə nəticələndiyi, şəhidlik zirvəsinə yüksəlmiş oğul və qızlarımızın bütün dünyada daim böyük hörmət və ehtiramla yad edildiyi bildirilib.

Tədbir 20 yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayiş etdirilməsi ilə başa çatıb.