Çikaqoda "Qan yaddaşımız-30 il" adlı tədbir keçirilib

21.01.2020

ABŞ-ın Çikaqo şəhərində 20 Yanvar şəhidlərinin 30-cu ildönümünə həsr olunmuş “Qan yaddaşımız-30 il” adlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin və Təşəbbüs qrupunun təşkilatçılığı ilə baş tutan mərasim 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbirdə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Təşəbbüs qrupunun rəhbəri Teymur Mehmandarov, icma üzvləri Natiq Məmmədov, Süleyman Həsənov, Eldar Kərimzadə və Cavad İsmayılbəyli çıxış ediblər. Qeyd edilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində azadlıq və suverenlik uğrunda mübarizə salnaməsinin ən şərəfli və parlaq səhifələrindən biridir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar günü milli müstəqillik uğrunda şəhidliyin rəmzinə çevrilib. Təpədən dırnağadək silahlanmış ordunun vandallığına məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə haqq səsini daha da yüksəkdən bəyan etdi.

Qanlı Yanvar faciəsinin canlı şahidləri həmin gün ərzində yaşadıqları, gördükləri dəhşətli hadisələr barədə məlumat veriblər.

Daha sonra Valentina Afonina pianoda Azərbaycan bəstəkarları Ü.Hacıbəyov, F.Əmirov və Q. Qarayevin əsərlərini, Cavad İsmayilbəyli isə neydə musiqi parçası ifa ediblər.

Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən foto-sərgi də təşkil edilib.