İstanbulda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

21.01.2020

Türkiyənin İstanbul şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Tədbir İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzi (Hazarfem) və Türk Dünyası Araşdırmaları Vəqfi Gənclər Təşkilatı tərəfindən təşkil edilib. Konfransda elm və mədəniyyət xadimləri, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun və KİV-lərin nümayəndələri, tələbələr iştirak ediblər.

Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay, Xəzər Folklor Təlim və Tədqiqat Mərkəzinin (Hazarfem) sədri Nuran Acar, Türk Dünyası Araşdırmaları Vəqfi Gənclər Təşkilatının sədri Emre Akar, Azərbaycanın İstanbul şəhərindəki Baş konsulluğunun konsulu Xəyyam Daşdəmirov, İstanbul Universitetinin professoru Xəlil Bal, Mərmərə Universitetinin müəllimi Mehdi Gəncəli və Düzce Universitetinin müəllimi Gökmen Kılıçoğlu çıxış ediblər. Natiqlər 20 Yanvar hadisəsinin gənclər üçün daşıdığı önəmi vurğulayaraq, bu faciəvi və şanlı günün Azərbaycan tarixində çox mühüm yer tutduğunu, xalqımızın azadlıq istəyini boğmaq məqsədilə SSRİ rəhbərliyinin dəhşətli cinayət törətdiyinı, amansız qətliama baxmayaraq, xalqımızın bu zorakılıq aktı qarşısında təslim olmadığını vurğulayıblar. Qeyd edilib ki, 20 Yanvar faciəsi qəhrəmanlıq dastanıdır və Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi bütün Türk dünyasının qəlbində daim yaşayacaq.

Alimlər 20 Yanvar hadisələrini tarixi, ədəbi və siyasi aspektlərdən dəyərləndirərək, dolğun məlumatlar verib və iştirakçıların suallarını cavablandırıblar.

Mərasimdə 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.