Yunanıstanın Saloniki şəhərində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində baş tutan tədbir zamanı 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən cəmiyyətin sədri Rəşid Məmmədov 20 yanvar hadisələrinin tarixi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, 30 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi bütün qanunları kobudcasına pozaraq, sovet ordusunun hərbi hissələrini Bakıya və Azərbaycanın digər şəhərlərinə yeridib, dinc əhaliyə qarşı dəhşətli qətliam törədib. Bu hadisədən 30 il keçsə də xalqımız həmin günləri unutmayıb və ölkəmizin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlmiş Vətən övladlarının əziz xatirəsi hər il böyük ehtiramla yad edilir.
Anım mərasimi 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayiş etdirilməsi ilə yekunlaşıb.