Nyu-Yorkda 20 Yanvar şəhidləri yad edilib

21.01.2020

ABŞ-ın Nyu-York şəhərində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

Nyu-Yorkdakı tədbirdə bu şəhərdə fəaliyyət göstərən azərbaycanlı icmaların rəhbərləri və üzvləri iştirak ediblər. Mərasim Azərbaycan-Nyu-York Assosiasiyasının təşəbbüsü ilə təşkil olunub.

20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə 30 il öncə sovet rejiminin bütün qanunları pozaraq, xəbərdarlıq etmədən, Bakıya və Azərbaycanın digər şəhərlərinə qoşun yeridərək dinc xalqa amansız divan tutmasından danışılıb. Qeyd edilib ki, yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsilə nəticələnən bu qanlı cinayət xalqımızın azadlıq ruhunu məhv edə bilmədi, SSRİ rəhbərliyinin cinayətkar xislətini isə bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisəsinin xalqımızın müstəqillik mübarizəsində böyük rol oynadığı və şəhidlərin xatirəsinin heç bir zaman unudulmayacağı vurğulanıb.