Koreyadakı soydaşlarımız könüllülük tədbirinə qatılıblar

21.01.2020

Koreyanın Seul şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı könüllülük tədbiri təşkil edilib.

Bu ölkədə yaşayan azərbaycanlılar Seulun Qanqnam Bələdiyyəsinin dəstəyi ilə evsiz insanlara yardım ediblər. Yanvarın 20-də 400 nəfər imkansız insana xidmət göstərilməsi kimi xeyriyyə tədbirində soydaşlarımız - Nərgiz Novruzova, Toğrul Feyziyev, Arif Səlimxanov, Zeynəb Əhədova, Günel Hüseynova, Kamran Bədəlov, Kərim Rəhimov, Nihat Xəlilzadə fəal iştirak ediblər.

Tədbirin əvvəlində isə həmvətənlərimiz 20 Yanvar faciəsi barədə ətraflı məlumat verərək, koreyalılara bu müqəddəs günün anılmasının önəmindən danışıblar. Bildirilib ki, 30 il öncə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda dinc mübarizəyə qalxan vətəndaşlarımız sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilib. 20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycanda və bütün dünyada yad edilir.

Tədbirin təşkilatçısı Nihat Xəlilzadə Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatı barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamına əsasən, 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Odur ki, Koreyada yaşayan azərbaycanlıların təşkil edəcəkləri könüllülük tədbirləri silsilə hal alacaq. Azərbaycanlıların Vətən sevgisini Koreyada göstərmək, mədəniyyətimizi bu ölkədə təbliğ etmək və xalqımızı daha yaxından tanıtmaqla bağlı proqramlar hazırlanaraq həyata keçiriləcək.