Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidləri anılıb

21.01.2020

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, Azərbaycan diasporunun üzvləri və media nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxış edərək 30 il öncə Bakıda baş verənləri dəhşətli cinayət adlandırıblar. Bildirilib ki, bu cinayət azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edən xalqımızın inamını, məğrurluğunu qırmaq məqsədi daşıyıb. Lakin sovet rejimi buna nail ola bilməyib, Qanlı Yanvar hadisələri nəhəng sovet imperiyasının son nəfəsi olub və məhz Bakıya qoşun yeridilməsindən sonra SSRİ-nin süqutu prosesi başlayıb. Xalqımız isə milli mücadilə yolunda daha da mətinləşərək qısa müddət sonra öz dövlət müstəqilliyinə qovuşmaqla, şəhidlərin arzusunu gerçəkləşdirib.

Qeyd edilib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə kəskin etirazını bildirib, hakimiyyətə qayıtdıqdan sonra isə bu hadisələrə hüquqi qiymətin verilməsinə nail olub.

Prezident İlham Əliyevin dövlətimizin daha da gücləndirilməsi üçün əvəzsiz işlər gördüyü, ildən-ilə hərbi gücü artan Azərbaycanın gec-tez işğal olunmuş bütün torpaqlarını geri qaytaracağı vurğulanıb.

Tədbir Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abduraximovanın rəhbərliyi ilə “Soqdiana” xalq çalğı alətləri orkestrinin təqdim etdiyi rekviyem-konsertlə yekunlaşıb.

Mərasim çərçivəsində mərkəzin foyesində “20 yanvar - uşaqların gözləri ilə” adlı foto-sərgi və Qara Yanvara həsr olunmuş nəşrlər nümayiş etdirilib.