Avropa Azərbaycanlıları Konqresinin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib

21.01.2020

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovun başçılıq etdiyi nümayəndə heyəti ”Cojep İnternational” təşkilatının yanvarın 16-da UNESKO-nun Baş Mənzil Qərargahında keçirdiyi “Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün nəsə et!” mövzusunda konfransda iştirak edib. Nümayəndə heyətinin tərkibinə AAK İdarə Heyətinin üzvü Vasif Muradlı və AAK-ın baş katibi Arzu Oqtay daxil olub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi ”Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” sözlərini konfransda AAK prezidenti Sahil Qasımov bir daha səsləndirib. O, multikulturalizmin Azərbaycan modelindən söz açaraq, Prezident İlham Əliyevin bu barədə fikrini diqqətə çatdırıb: “Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”.

Azərbaycanda müxtəlif dinlərə, onların nümayəndələrinə hörmətlə yanaşıldığını diqqətə çatdıran S.Qasımov qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılır, lakin İrəvanda Azərbaycanın tarixi-mədəni irsi darmadağın edilib.

Məruzəçi müstəqilliyinin ilk illərində ölkəmizin 20 Yanvar və Xocalı soyqırımı kimi dəhşətli faciələrlə üzləşdiyini də yada salıb. Həmin müdhiş tarixi günlərlə bağlı ətraflı məlumat verib və Azərbaycan xalqına münasibətdə beynəlxalq hüququn, BMT İnsan Haqları Bəyannaməsinin kobud şəkildə pozulduğunu nəzərə çatdırıb.

Konfransın gələcəkdə Avropa Parlamentində, Avropa Şurası, BMT və ATƏT-də də keçirilməsi nəzərdə tutulub.