Azərbaycanlı jurnalist Rusiya Xarici İşlər Nazirliyinin mükafatına layiq görülüb

21.01.2020

Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyi azərbaycanlı jurnalist Səadət Qədirovanı mükafatlandırıb.

Ölkənin mətbuat gününə həsr edilmiş mükafatlandırma mərasimi “Four Seasons” mehmanxanasında Rusiya Jurnalistlər İttifaqının keçirdiyi təntənəli qəbul zamanı baş tutub. TASS agentliyinin Diplomatik Strukturlarla Əlaqələr üzrə bölməsinin rəhbəri olan S.Qədirovaya mükafatı Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova təqdim edib.

Soydaşımız “Xəyallar gerçəkləşir" layihəsi çərçivəsində "Jurnalistika və xeyriyyəçilik fəaliyyətləri"ni birləşdirdiyinə görə Rusiya Xаrici İşlər Nаzirliyinin "Xarici siyasətin önündə" nominasiyasının qalibi olub. "Xəyallar gerçəkləşir" S.Qədirovanın “YouTube”dakı “Kadyrovaonline” kanalında müəllif layihəsidir.

Qeyd edək ki, S.Qədirova Rusiya XİN-dən mükafat alan ilk azərbaycanlıdır və bu il TASS-ın nazirlik tərəfindən mükafatlandırılan yeganə jurnalistidir.