Türkiyənin paytaxtı Ankara şəhərində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş “Azadlığa gedən yolun asimmetrik savaşı” adlı konfrans keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə Vəkillər Kollegiyası (TVK), Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən təşkil olunan tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, o cümlədən diplomatlar, hüquqşünaslar, QHT və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açılan konfransda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Açılış mərasimində Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, TVK-nın sədri Mətin Feyzioğlu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Əttar çıxış ediblər.
20 Yanvar hadisələrindən ötən 30 ildə Azərbaycanın çoxistiqamətli inkişaf yolu keçdiyinə diqqəti cəlb edən səfir Xəzər İbrahim deyib ki, o dövrdən fərqli olaraq indi ölkəmizin qüdrətli ordusu, dəqiq hədəflərə hesablanmış siyasəti, güclü iqtisadiyyatı var.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev xatırladıb ki, hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada kəskin bəyanatla çıxış edib və hadisələrin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.
Nazir müavini Yavuz Səlim Kıran və Türkiyə Prezident Administrasiyasının rəsmisi Necdət Ünüvar 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm qanlı, həm də şanlı səhifəsi, professor Aygün Əttar isə xalqımıza qarşı məqsədyönlü düşmənçilik aktı kimi qiymətləndiriblər.
TVK-nin sədri Mətin Feyzioğlu 20 Yanvar hadisələrinin törədilməsini bəşəriyyətə qarşı cinayət adlandıraraq, günahkarların cəzalandılmasının vacibliyindən danışıb.
Sonra professor Aygün Əttarın sədrliyi ilə konfransın panel hissəsi olub. Bu bölümdə professor Hüseyn Bağcı və Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, dosent İsmayıl Safinin məruzələri dinlənilib. Məruzələrdə hadisələr ərəfəsində beynəlxalq vəziyyətdən, o cümlədən keçmiş SSRİ-nin tənəzzülündən və 20 Yanvar cinayətinin bu prosesi sürətləndirməsindən, Azərbaycan-Türkiyə münasibətlərindən, birgə layihələrin tarixi əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsi azadlıq uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılan ən böyük abidədir.
Konfrans çərçivəsində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən foto-sərgi nümayiş olunub.