Serbiyanın paytaxtı Belqrad şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Ölkəmizin Serbiyadakı səfirliyinın təşkil etdiyi mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, diplomatlar, azərbaycanlı icmasının nümayəndələri iştirak ediblər.
20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə səfir Eldar Həsənov çıxış edərək 30 il əvvəl sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb.
Bildirilib ki, 1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyinin və mövcud rejimin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz öz qəddarlığı ilə fərqlənib. Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladları və dinc əhali vəhşicəsinə gülləbaran edilib, yüzlərlə insan qətlə yetirilib, müxtəlif dərəcəli bədən xəsarətləri alıb və itkin düşüb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin öz ailə üzvləri ilə birlikdə yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi, sonradan həmin hadisələrə məhz ulu öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.
Qeyd edilib ki, 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə səfirliyin hazırladığı məlumat xarici ölkələrin Belqrad şəhərindəki səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, Serbiyanın dövlət strukturlarına, qeyri-hökumət təşkilatlarına və KİV-lərə göndərilib. Səfirliyin təşəbbüsü ilə ölkənin aparıcı "Balkanin" xəbər portalında "Qara Yanvar – 30-cu ildönümü" başlıqlı məqalə dərc edilib.
Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən foto-sərgi nümayiş olunub.
Azərbaycanın Monteneqro, Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.