Özbəkistanın paytaxtı Daşkənddə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər.
Tədbirdə Mərkəzin sədri Firdovsi Hüseynov, diaspor fəalları Yusif Əliyev, Mobil Məmmədov, İsmayıl Məmmədov və başqaları çıxış edərək, 30 il öncə sovet qoşunları tərəfindən Bakıda törədilmiş vəhşiliklər haqqında danışıblar. Ermənilərin qəsbkarlıq siyasətinə etiraz edən dinc əhaliyə qarşı sovet rejiminin qanlı divan tutmasını bir daha pisləyən natiqlər bildiriblər ki, bu faciə xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Bildirilib ki, həmin dönəmdə Moskvada yaşayan Heydər Əliyev bütün təhlükələrə baxmayaraq, Azərbaycanın daimi nümayəndəliyinə gedərək, mətbuat konfransında Mixail Qorbaçov başda olmaqla dinc əhaliyə qarşı bu faciəni törədən keçmiş SSRİ rəhbərliyini ən sərt şəkildə ittiham edib, bu qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Yalnız, ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.