Gürcüstanda 20 Yanvar şəhidləri anılıb

21.01.2020

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Kaspi, Laqodexi və Saqareco bölgələrində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.

Tbilisidəki Gənclər Sarayında keçirilən konfransda Gürcüstanın rəsmi şəxsləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə çıxış edərək xalqımızın müstəqillik uğrunda mübarizə tarixi, 20 Yanvar faciəsinin əsl səbəb və nəticələri barədə məlumat verib. Bakı və digər şəhərlərdə günahsız və dinc vətəndaşlara qarşı törədilmiş qətliam xalqımızın mübarizə əzmini qırmağa yönəlmiş qanlı cinayət kimi səciyyələndirilib.

1989-cu il aprelin 9-da Tbilisidə eyni qanlı hadisələrin törədildiyini vurğulayan səfir xalqlarımızın azadlığa gedən yolda bənzər talelər yaşadıqlarını, müstəqillik yolunda qurbanlar verdiyini 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli şüurunda dönüş nöqtəsinə çevrildiyini bildirib.

Qeyd edilib ki, 20 Yanvarla bağlı ədalətin bərqərar olunmasında, faciəyə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyev müstəsna rol oynayıb. 20 Yanvar hadisələri zamanı isə Moskvada yaşayan Heydər Əliyev bütün təhlükələrə baxmayaraq, əsl vətəndaş şücaəti nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi qətliami qətiyyətlə pisləyib, günahkarların cəzalandırılmasını tələb edib.

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia çıxış edərək bildirib ki, 9 Aprel və 20 Yanvar faciələri qurbanlarının xatirəsi heç zaman unudulmayacaq. Bu tarixlərin qeyd edilməsi və gələcək nəsillərə çatdırılması isə düşmənlərimizə bir cavabdır. Çünki Azərbaycan və gürcü xalqlarının mübarizə əzmini qırmaq olmaz.

Soydaşlarımızın yığcam yaşadığı Qardabani rayonunda və Kaxeti regionunun Telavi bələdiyyəsinin Qaracalar kəndində baş tutan tədbirlərdə də ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, yerli dövlət orqanlarının, Azərbaycan diasporunun, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu mərasimlərdə 20 Yanvar qurbanlarının ruhuna dualar oxunub.

Səfir Dursun Həsənov, Gürcüstan Ağsaqqallar Şurasının Qardabani bölgəsinin rəhbəri Mayak Neymətov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, professor Mahmud Kamaloğlu, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov və başqaları çıxış ediblər. Natiqlər 20 Yanvar və 9 Aprel faciələrindən danışaraq, bu hadisələrin xalqlarımızın müstəqillik uğrundakı mübarizədə rolunu, Vətənimizin azadlığı uğrunda həlak olanların xatirəsinin daim əziz tutulduğunu vurğulayıblar. Qeyd edilib ki, Gürcüstan bölgələrində yaşayan azərbaycanlılar 20 Yanvar faciəsi barədə məlumatlı olsalar da, bu tarixi hadisənin gələcək nəsilə çatdırılması baxımından belə tədbirlərin keçirilməsi olduqca vacibdir.

Tədbirlər 20 Yanvar faciəsi ilə bağlı sənədli filmin nümayişi ilə başa çatıb.

Tbilisidə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri də şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Mərasimdə muzeyin direktoru Leyla Əliyeva, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov, Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə, Gürcüstan İnsan Hüquqları Komitəsinin üzvü Fərhad Musayev, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, gürcü şairi David Çikovani, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşı Orxan Həsənov, Tbilisidəki Belarus icmasının üzvü Aleksey Boxodin və başqaları çıxış ediblər. Onlar keçmiş sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Gürcüstanda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda törətdiyi qırğınları xatırladaraq, bu faciələri Azərbaycanın və Gürcüstanın müstəqilliyinə gedən yolda tarixə “qanla yazılmış səhifə” adlandırıblar. Azərbaycan və gürcü xalqlarının qəhrəmanlıq tarixindən, oxşar talelərindən söhbət açılıb, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan dinc insanların vəhşicəsinə qətlə yetirilməsinin insanlığa qarşı törədilmiş ağır cinayət olduğu, hər iki faciənin səbəb və nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisəsinə siyasi-hüquqi qiymət verilib, Milli Məclisdə həmin tarix Ümumxalq Hüzn Günü elan edilib.

Tədbirdə Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə 20 Yanvar şəhidlərinə həsr etdiyi şeirlərini söyləyib, “Qanlı Yanvar” sənədli filmi nümayiş etdirilib.

Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində "Azadlığa gedən yol" adlı anım tədbiri keçirilib. 20 yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə mərkəzin icraçı direktoru Aygül İsayeva, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimov, mərkəzin müəllimləri Musa Omarov, Məhəmməd Aslanov çıxış ediblər. Bildirilib ki, Gürcüstanda yaşayan azərbaycanlılar heç bir vaxt Azərbaycanda baş verən hadisələrə biganə qalmayıblar. 20 Yanvar hadisələrində 6 nəfər Gürcüstan əsilli azərbaycanlının şəhid olması da bunu sübut edir. Azərbaycanda 20 Yanvar, Gürcüstanda 9 aprel faciələrinin əsas təşkilatçısı olan SSRİ rəhbəri Mixail Qorbaçovun Nobel Sülh Mükafatı alması dövrümüzün nonsensi (anlaşılmazlığı) adlandırılıb.

Tədbirdə 20 Yanvara həsr olunmuş foto-slaydlar və video-çarx nümayiş olunub, mərkəzin şagirdi Aytəkin Qurbanova bu faciəyə həsr olunmuş şeir söyləyib.

Tədbirdən sonra İnteqrasiya Mərkəzinin müəllim-şagird heyəti Marneulinin Alget kəndində 20 Yanvar və 9 aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər və önünə əklil qoyublar. Onlar həmçinin rayonun Kirəc Muğanlı kəndinə gedərək, 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vəfadar Eminovun ailəsini və yaxınlarını ziyarət ediblər, kənd sakinləri ilə görüşüblər.

Laqodexi rayonunun Qabal kəndində keçirilmiş anım tədbirində yerli hakimiyyət nümayəndələri Zurab Caparidze, Giorgi Qambaşidze, Namaz Allahverdiyev, kənd ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak ediblər.

Tədbirdə hər iki xalqın müstəqillik yolunda qarşılaşdığı 9 aprel və 20 Yanvar faciəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, sovet rejiminin xalqlarımıza qarşı törətdiyi vandallıq heç bir zaman unudulmayacaq.