Finlandiyanın Espoo şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “30 ilin göz yaşı” adlı anım tədbiri keçirilib.
Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi və Azər-Türk Gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilati dəstəyi ilə baş tutan tədbirdə ölkəmizin İsveçdəki səfirliyinin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Finlandiyanın Azərbaycandakı səfirinin köməkçisi Tarya Parkinen, burada yaşayan diaspor üzvlərimiz, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova və müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə çıxış edərək 30 il öncə baş vermiş faciənin tarixindən, M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımızın azadlıq ruhunu sarsıtmaq üçün dəhşətli cinayətə yol verdiyindən, dinc əhalinin amansızcasına qətlə yetirilməsindən danışıblar. Qeyd edilib ki, bu müdhiş cinayət belə xalqımızın qısa müddətdən sonra öz dövlət müstəqilliyini əldə etməsinə əngəl ola bilmədi. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməklə xalqımız 20 Yanvar şəhidlərinin arzusunu gerçəkləşdirdi.
20 Yanvar faciəsini əks etdirən qısa filmin nümayişindən sonra tədbir Mona Safojifarın “Şəhidlər” şeirini səsləndirməsi, Könül Saedinin “Şəhidlər” klassik musiqisini ifa etməsi ilə yekunlaşıb.