Kiyevdə 20 Yanvar şəhidləri anılıb

21.01.2020

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyevdəki konfrans zalında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Ukraynanın Ali Radasının deputatları, elmi ictimaiyyətin nümayəndələri, müxtəlif icmaların rəhbərləri, tanınmış siyasi xadimlər, Azərbaycan diasporunun rəhbərləri və üzvləri, azərbaycanlı tələbələr, Ukrayna və Azərbaycan KİV-lərinin təmsilçiləri iştirak ediblər.

20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, tarix elmləri doktoru Fərhad Turanlı, hüquq elmləri doktoru Arif Quliyev, Ukrayna-Azərbaycan İş Adamları Birliyinin sədri Əli Əliyev, UAR-ın katibi Xəyyam Həqiqətoğlu, Ukraynanın Xalq artisti Qurban Abbasov və azərbaycanlı tələbə Əziz Tağıyev çıxış ediblər.

Bildirilib ki, 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyətinə SSRİ rəhbərliyinin göz yumması xalqımızın ədalətin bərqərar edilməsi uğrunda səsini ucaltması və imperiyanın caynağından azad olmağa can atması ilə nəticələndi. Bundan təşvişə düşən SSRİ rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda müdhiş cinayət törətdi. Mərkəzi hakimiyyət ölkə qanunlarını və beynəlxalq hüquq normalarını tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərinə qoşun yeridib. Sovet ordusunun, daxili qoşunların və xüsusi təyinatlı bölmələrin böyük kontingentinin, hətta ermənilərin sıx yaşadığı SSRİ-nin digər regionlarından olan ehtiyatdakı hərbçilərin Bakıya hücumu xüsusi amansızlıqla müşayiət olunub. Hərbi təcavüz nəticəsində yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Həmin qətliamdan bir gün sonra - yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanatla çıxış etdiyi, dünyanın mütərəqqi qüvvələrinin də xalqımızın məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədiyi, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyi yada salınıb.

Tədbirdə 20 yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub və fotosərgi təşkil edilib.