Niderlanddakı turizm sərgisində ermənilərə qadağa qoyulub

17.01.2020

Avropa Azərbaycanlıları Media Qrupu və Niderland Belçika Azərbaycanlıların Koordinasiya Şurasının erməni separatçılarına qarşı birgə fəaliyyəti öz nəticəsini verib.

Bu il Niderlandın Utruxt şəhərində keçirilən Beynəlxalq turizm sərgisində ermənlər Azərbaycanın işğal olunmuş torpaqlarını öz əraziləri kimi göstərə bilməyiblər və Ermənistan stendində həmin divarlar boş qalıb.

Sərgi kompleksinin rəhbərliyindən bildirilib ki, keçən il ermənilər tərəfindən yaranan problemlə təkrar qarşılaşmaq istəməyiblər. Odur ki, ermənilərin turizm şirkətlərinə Dağlıq Qarabağa aid hər hansı xəritə, bayraq nümayiş etdirilməsi, ərazinin müstəqil respublika və ya erməni ərazisi kimi göstərilməsi qəti qadağan edilib. Hətta stenddə bukletlərin arasında aşkarlanmış Dağlıq Qarabağ xəritəsi müsadirə edilib və bu məsələyə ciddi nəzərət olunması tapşırılıb.

Xatırladaq ki, ötən il Utrext şəhərində keçirilən turizm sərgisində ermənilərin nümayiş etdirdikləri coğrafi xəritədə Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi təxribatını Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev aşkarlamışdı. Diaspor fəallarımız ermənilərin təxribatına sərt etiraz edərək, həmin xəritənin yığışdırılmasına nail olmuşdular. Soydaşlarımız Dağlıq Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini sərgi rəhbərliyinin və iştirakçılarının diqqətinə çatdırmışdır.