Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə “Azərbaycan diasporu” elektron kitabxana layihəsi təqdim olunub.
Kitabxananın direktoru Mayıl Əhmədov yeni layihə haqqında danışıb və bildirib ki, azərbaycanlılar zaman-zaman müxtəlif səbəblərdən dünyanın bir sıra ölkələrinə səpələniblər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişlənib və Azərbaycan diasporunun təşkilatlanmasının yeni mərhələsi başlayıb.
M.Əhmədov qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd edilməsi, dünya azərbaycanlılarının qurultaylarının və forumlarının keçirilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qəbul edilməsi, diaspor sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlətimizin başçısının diaspor təşkilatlarının nümayəndələri ilə müntəzəm olaraq görüşlərinin keçirilməsi Prezident Kitabxanasının mövcud elektron resursunun yenidən sistemləşdirilərək və materiallarla zənginləşdirilərək elektron kitabxana kimi oxuculara təqdim edilməsini zəruri edib. O, yeni yaradılan bölmə barədə fikirlərini bildirib, bölməni təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, hələ Dünya Azərbaycanlılarının IV Qurultayında möhtərəm Prezident cənab İlham Əliyev belə fikir səsləndirib ki, xaricdə diaspor təşkilatları bir olmalı, onların fəaliyyəti koordinasiya olunmalıdır. Bu çağırışa əsaslanaraq Dövlət Komitəsi də təşkilatlanma sahəsində, soydaşlarımızın birgə fəaliyyəti ilə bağlı müvafiq addımlar atır. Xaricdə Azərbaycan evləri yaradılır, Heydər Əliyev Fondunun dəstəyi və Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə “Qarabağ” adlı Azərbaycan məktəbləri yaradılır, soydaşlarımız tərəfindən 29 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis edilib. Komitə sədri diaspor fəaliyyətinin təbliği, bu sahədə İKT-nin müasir imkanlarından istifadə ilə bağlı geniş informasiya verib. Diaspor fəaliyyətinin elmi əsaslarının çox vacib olduğunu qeyd edərək, bu istiqamətdə müəyyən müzakirələrin, layihələrin həyata keçirilməsindən danışıb. “Azərbaycan alimləri elmi diasporu” adlı informasiya portalının yaradılması, Fransada Azərbaycanlı alimlərin ilk toplantısının keçirilməsi qeyd edilib. Eyni zamanda, F.Muradov bu il daha 4 ölkədə azərbaycanlı elm adamlarının forumunun keçiriləcəyini və sonda Bakıda müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərin böyük bir toplantısının olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, istifadəçilərə təqdim edilən “Azərbaycan diasporu” elektron kitabxanası 7 fəsildən və 19 bölmədən ibarətdir. “Tarix” adlanan və beş bölmədən ibarət birinci fəslin “Mühacirət tarixi” adlanan hissəsində Azərbaycan diasporunun təşəkkül və formalaşmasına səbəb olan amillər təhlil edilir, xaricdə kompakt halda yaşayan, milli-mədəni mənsubiyyətini qoruyub saxlayan və inkişaf etdirən, tarixi vətəni ilə mütəmadi əlaqələr quran həmvətənlər haqqında məlumat verilir. Bu fəslin “Heydər Əliyev və Azərbaycan diasporu” adlanan bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı, Ümummilli liderin Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərdə çıxışları və nitqləri, xaricdə yaşayan soydaşlarımıza ünvanlandığı müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları, dünya azərbaycanlılarının Heydər Əliyevə təbrikləri və müraciətləri öz əksini tapır.
“Prezident İlham Əliyev və Azərbaycan diasporu” adlanan beşinci bölmədə dövlət başçısının Azərbaycan diasporunun nümayəndələri ilə müxtəlif görüşlərdə çıxışları və nitqləri, o cümlədən ötən ilin dekabrında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə çıxışı, diaspor nümayəndələrinin qəbulları haqqında materiallar, xaricdə yaşayan soydaşlarımıza müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları toplanıb.
Elektron kitabxananın “Azərbaycançılıq”, “Qurultaylar və Forumlar”, “Qanunvericilik” və s. bölmələri kifayət qədər zəngindir.
“Diaspor təşkilatları” fəslində Diasporla İş üzrə Dövlət Komitəsinin materialları əsasında 49 ölkədə fəaliyyət göstərən 554 diaspor təşkilatı, onların rəhbərləri, ünvanları və əlaqə vasitələri haqqında yığcam məlumat istifadəçilərə təqdim edilir.
Təqdimat mərasimində qeyd edilib ki, elektron kitabxana interaktiv deyil, informativ xarakter daşıyır və zəngin kontentə malikdir. Kitablar, məqalələr, diaspor təşkilatları haqqında məlumatlar elektron formada resursa yüklənib.
Təqdimat mərasimində Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər də iştirak edib.
Çıxış edənlər "Azərbaycan diasporu” elektron kitabxanasının xaricdə yaşayan azərbaycanlılarla bağlı ciddi informasiya mənbəyi olması barədə danışıb, onun daha da təkmilləşdirilməsinin zəruri olduğunu qeyd ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsi resursun texniki cəhətdən təkmilləşdirilməsində və informasiyanın daha da zənginləşdirilməsində Prezident Kitabxanası ilə əməkdaşlığı davam etdirəcək.
Qeyd edək ki, “Azərbaycan diasporu” elektron kitabxanası http://diaspora.preslib.az/ subdomenində yerləşdirilib və müntəzəm olaraq yenilənir.