Vyanadakı soydaşlarımız "Qarabağ" futbol klubu yaradıb

10.01.2020

Avstriya Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə yaradılan "Qarabağ" futbol klubu artıq bir neçə aydır ki, fəaliyyət göstərir.

30-a yaxın azərbaycanlı həvəskarın formalaşdırdığı komanda hər həftənin bazar günü oyunlar keçirir və azarkeşlər tərəfindən böyük maraqla qarşılanır. "Qarabağ" komandası yaxın gələcəkdə Vyanada keçirilən futbol liqalarında iştirak etməyi planlaşdırır.

Birliyin sədri Rüfət Mehman bildirib ki, Avropanın mərkəzi hesab olunan Vyanada görülən hər bir iş böyük əhəmiyyətə malikdir, çünki bir çox beynəlxalq təşkilatlar məhz bu şəhərdə yerləşir: "Bu səbəbdən işimizin nə qədər ciddi olduğunun fərqindəyik. "Qarabağ" adı altında çıxış etmək ayrı bir duyğudur. Məqsədimiz - "Qarabağ" adını brendə çevirməkdir. Çünki Qarabağ - Azərbaycanındır!”