İsrailin Akko şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
“İsraildə Azərbaycan Evi”nin təşkil etdiyi tədbir İsrailin və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsilə başlayıb və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İsraildə Azərbaycan Evi”nin başçısı Şirin Nehamiya Mixaeli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut çıxış edərək tədbir iştirakçılarını həmrəylik günü münasibətilə təbrik ediblər.
Onlar qeyd ediblər ki, 31 dekabr tarixi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. 25-30 il bundan öncə İsrailə köçmələrinə baxmayaraq, Azərbaycan diasporunun üzvləri vaxtilə yaşadıqları ölkənin köklərini, mədəniyyətini, dilini, adət-ənənəsini yaddan çıxarmırlar. Bu baxımdan, dünyanın hər bir ölkəsində Azərbaycan mədəniyyətinin, dilinin və adət-ənənələrinin layiqli daşıyıcısı olan azərbaycanlıların həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.
Natiqlər bildirib ki, Azərbaycanın Cənubi Qafqazda güclü geosiyasi mərkəz kimi beynəlxalq nüfuzunun möhkəmlənməsi, dünyada azərbaycanlıların diaspor təşkilatlarının güclənməsi, həmvətənlərin doğma yurdla əlaqələrinin inkişafı Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin ayrılmaz tərkib hissəsidir. Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına, sözün həqiqi mənasında, həssas və qayğıkeş yanaşır.