Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Xarkov vilayətinin "Dostluq" Azərbaycan-Ukrayna dostluq cəmiyyəti və Azərbaycanın Dövlət Tərcümə Mərkəzinin birgə təşkil etdiyi tədbir şəhərin Azərbaycan mədəni-informasiya mərkəzində baş tutub.
Mərasimdə "Dostluq" cəmiyyətinin sədri, texniki elmlər doktoru, professor Murad Ömərov, Xarkov şəhər administrasiyasının sədr müavini Svetlana Qorbunova-Ruban, Ukraynanın Xalq, Azərbaycanın Əməkdar rəssamı, Xarkov şəhərinin fəxri vətəndaşı Seyfəddin Qurbanov, Q.Skvoroda adına Xarkov Milli Pedaqoji Universitetinin dosenti Antonina Yakovleva çıxış ediblər. Onlar tədbir iştirakçılarını bu əlamətdar hadisə münasibətilə təbrik edərək, Nəsimi yaradıcılığının çağdaş dövrümüz üçün əhəmiyyətindən, Azərbaycan və Ukrayna ədəbi əlaqələrindən danışıblar.
Gecədə Nəsiminin ilk dəfə Ukrayna dilinə tərcümə edilmiş əsərlərindən ibarət kitabın təqdimatı keçirilib. Bu kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin vasitəsilə ərsəyə gəlib. Mərkəzin bədii əsərlərin tərcüməsi üzrə mütəxəssisi Püstə Axundova, tərcüməçi Dmitri Çistyak, layihənin məsul katibi Marina Qonçaruk gördükləri iş barədə ətraflı məlumat veriblər, Nəsiminin şeirlərini Azərbaycan və Ukrayna dilində təqdim ediblər.
Daha sonra Ukraynanın Əməkdar incəsənət xadimi Nina Suprunenko, Ukraynanın Milli Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Lyutsina Xvorost, "Memorial" Ümumittifaq ictimai təşkilatının üzvü, şair Viktor Zubov Nəsiminin şeirlərini Ukrayna və rus dillərində söyləyiblər.
Tədbirdə Xarkovun yaradıcı ziyalıları, ali məktəb tələbələri, "Dostluq"Azərbaycan mədəni-təhsil mərkəzinin yetirmələri, "Azərbaycan mirvariləri" rəqs kollektivinin üzvləri də çıxış ediblər.